Çox hörmətli cənab Prezident.
Son günlər ölkə vətəndaşlarının Sizə ünvanladıqları məktub və müraciətləri diqqətlə izləyirəm. Yaradıcı insan olaraq bilirəm ki, beynimizin dərin qatlarında gəzib dolaşan fikirlərimizi, düşüncələrimizi ürəyimizin süzgəcindən keçirib ictimailəşdirdikdə o fikirlər daha canlı olur və hər kəs tərəfindən səmimiyyətlə qəbul edilir. Sizə ünvanlanan çoxsaylı müraciət və məktublarda bir daha canlı və səmimi fikirlərin ifadə edildiyinin şahidi oldum.
Həqiqətən Sizin, xüsusən də, son illərdə atdığınız addımları bizlər də bəyənir və uğurlarımızı bacardığımız qədər paylaşırıq.
Dünyanı cənginə alan koronavirusla mübarizənin aparıldığı bir vaxtda Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın insan sağlamlığını önə çəkməyiniz hər kəsin ürəyindən xəbər vermiş oldu.
Biz də uzun illərdən bəri ulu öndər Heydər Əliyevin yaratdığı bələdiyyələrin fəaliyyətinin təbliği ilə məşğul olur, bu istiqamətdə təhlil və araşdırma aparmaqla bələdiyyə sisteminin inkişafı üçün addımlar atır, müxtəlif səpgili layihələri icra edirik.
Çox hörmətli cənab Prezident, özümə borc bilirəm deyim ki, bizim təsisçisi olduğumuz internet resursa daxil olan məlumat və müraciətlərdən belə qənaətə gələ bilərik ki, ölkəmizin 1606 bələdiyyəsinin 15061 üzvü və 5500 bələdiyyə qulluqçusu apardığınız siyasəti dəstəkləməklə Sizin yanınızda olduqlarını fəaliyyətləri ilə göstərdilər və “Biz birlikdə güclüyük!” dedilər.
Bələdiyyələr təsis etdiyiniz Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianələr köçürməklə əhali arasında maarifləndirmə işlərində və yaşayış məntəqələrində dezinfeksiya işlərinin aparılmasında, həmçinin aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan insanlara ərzaq yardımının paylanılmasında, həmçinin insanlarımızın karantin dövründə evdə qalmaları ilə bağlı aparılan maarifləndirmə işlərində daim fəal iştirak etməkdədirlər. Bununla da bələdiyyələrimiz bir daha dövlətə sədaqət nümayiş etdirmiş oldular.
Beləliklə, bu məktubumla bizlər də Sizin gördüyünüz işləri bir daha alqışlayır, atdığınız addımlar sayəsində Azərbaycanın koronavirusla mübarizədə tezliklə qalib gələcəyimizə inanırıq.
Tanrı Sizi qorusun.
Sizə dərin hörmətlə,
Vüqar Tofiqli (Cəfərov)
Belediyye.info saytının təsisçisi və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.